Endocərrahiyyə və Endoskopik cərrahiyyə

Həkim : Həsənov Elsəvər

Bu gün "Turan  Klinikasında" abdominal, torakal cərrahiyyə, urologiya, uroginekologiya, proktologiya, travmatologiya, ortopediya və s. sahələrdə ən müasir və unikal endocərrahi əməliyyatlar aparılır. Klinikamızın həkim kollektivinin yüksək kvalifikasiyası, böyük təcrübəsi və dünyanın aparıcı firmalarının tibbi aparatları sayəsində ən mürəkkəb klniki məsələ belə öz həllini tapır.

Endocərrahiyyə müasir cərrahiyyənin yüksək texnologiyalı istiqamətlərindən biridir. Endocərrahi əməliyyatlar xırda ölçülü kəsiklər vasitəsilə (5–10 mm) bədən boşluğuna xüsusi cərrahi instrumentləri daxil etməyə, miniatür telekamera vasitəsilə vizual olaraq əməliyyatın gedişini izləməyə və müxtəlif cərrahi manipulyasiyalar aparmağa (məsələn, öd kisəsinin, yumurtalıq kistasının xaric edilməsi və s.) imkan verir. İnsan orqanizminin anatomik olaraq hansı nahiyəsində əməliyyatların aparılmasından asılı olaraq endoskopik əməliyyatlar aşağıdakı qruplara bölünür:

Laparoskopiya – qarın boşluğu orqanlarında aparılan müayinə və manipulyasiyalar

Torakoskopiya – döş boşluğu orqanlarında aparılan əməliyyatlar

Artroskopiya – oynaqlarda aparılan endoskopik müdaxilələr

Histeroskopiya – uşaqlıq boşluğunda aparılan manipulyasiyalar

Sistoskopiya – sidik kisəsi boşluğunda aparılan manipulyasiyalar

Endocərrahi əməliyyatları həyata keçirmək üçün xüsusi alətlərdən istifadə olunur. Operativ müdaxilənin növündən asılı olaraq endoskop – laparoskop, artroskop, sistoskop və s. adlanır. Müasir videoendoskop çox da böyük olmayan diametrə malik mürəkkəb optik qurğular sistemidir. Videoendoskopa birləşdirilmiş 50–100 qram çəkili miniatür videokamera və işıqlandırıcı vasitəsilə operasiyada iştirak edən bütün həkim briqadası əməliyyatın gedişini monitorda böyüdülmüş şəkildə izləyə bilirlər. Cərrahi manipulyasiyalar zamanı uzunluğu 30–40 sm, diametri isə 2–12 mm olan xüsusi alətlərdən istifadə olunur. Bu alətlər ənənəvi cərrahiyyədə edilən manipulyasiyaları həyata keçirməyə imkan verir. Sıxıcılar, dissektorlar, endoskopik qayçılar, elektrokoaqulyatorlar və s. bu alətlərə aid edilir. Tikiş qoyan aparatların – steplerlərin kəşfi endoskopik cərrahiyyədə inqilabi dönüş yaratdı.

Endocərrahi əməliyyatların üstünlükləri:

Uzun ölçülü cərrahi kəsiklər əvəzinə (7–30 sm) diametri 0,5–1 sm olan 3–5 dəlikdən istifadə olunur. Buna görə də əməliyyatdan sonrakı ağrılar çox az olur, geniş ölçülü kəsik olmadığına görə çapıq izləri demək olar ki bilinmir.

Endocərrahi əməliyyatlar zamanı istifadə olunan optika əməliyyat sahəsini bir neçə dəfə böyütməyə imkan verir, operasiya demək olar ki, mikrocərrahi səviyyədə aparılır, nəticədə daha az toxuma travmaya məruz qalır , qanaxma minimuma endirilir.

Adətən açıq cərrahi əməliyyatlar zamanı xüsusən də qarın boşluğu operasiyalarında ventral yırtıq tez-tez rast gəlinən ağırlaşmalardan biridir. Endocərrahi əməliyyatlardan sonra isə bu cür ağırlaşmalar rast gəlinmir. Endocərrahi əməliyyatlar zamanı daxili orqanların yad cisimlərlə (salfetka, cərrahın əlcəyi və s.) kontaktı olmur, bu isə əməliyyatdan sonrakı spaykaların əmələ gəlməsinin qarşısını alır.

Əməliyyatdan sonra xəstənin stasionarda qalma müddəti xeyli qısalmış olur. Əməliyyatdan sonrakı ciddi yataq rejimi bu xəstələri gözləmir. Bəzən xəstə əməliyyat olunduğu gün evə yazıla bilər. Əksər hallarda hospitalizasiya müddəti 2–3 gün təşkil edir. 

    






İstifadəçilər